Seçki xəbərləri
Bu seçkilərdə də qalib Yeni Azərbaycan Partiyası olacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhər Nizami bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını deyib. Onun sözlərinə görə, görülən işlər vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və sosial rifahının yaxşılaşmasında öz əksini tapır.
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikrini əsas götürən Yeni Azərbaycan Partiyasının ötən dövrün təcrübəsini nəzərə almaqla yeni dönəmin çağırışlarını rəhbər tutaraq bu sahədə məqsədyönlü fəaliyyət həyata keçirmək əzmində olduğunu deyib.
Tədbirdə seçki qərargahının üzvü Eldar Zeynalov, bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək yerli özünüidarəetmənin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qarşıda dayanan mühüm vəzifələrdən danışıblar.
Şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə Azərbaycanın hər sahədə davamlı uğurları ilə dünyanın diqqətində olduğunu deyib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan, YAP Sədri İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir.
Görüşdə çıxış edən seçicilər bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini əminliklə qeyd ediblər.