Seçki xəbərləri
Yeni hədəflərin reallaşdırılması növbəti uğurlara yol açır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu Vərgədüz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu bildirib. O, partiyanın ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm rolundan geniş bəhs edib. Natiq bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını seçicilərin diqqətinə çatdırıb.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Əlibaba Hüseynov, Kamil Qənbərov və Şakir Hüseynov yerli özünüidarəetmənin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qarşıda dayanan mühüm vəzifələrdən danışıblar. Qeyd olunub ki, bu hədəflərə çatmaq üçün yeni bələdiyyələrdə təmsil olunacaq YAP üzvləri öz fəaliyyətlərini məhz bu istiqamətdə həyata keçirəcəklər.
Seçicilər də öz növbəsində Prezident İlham Əliyevin vətəndaşların rifahı və mənafeyinə xidmət edən siyasətindən məmnunluq hissi ilə bəhs edib, daha qüdrətli Azərbaycan naminə partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.