Seçki xəbərləri
Bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağına inam böyükdür
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, xalqın etimadını layiqincə doğruldan partiyamız növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır: “Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin tərəqqisinə xidmət edən məqsədyönlü və uzaqgörən siyasətinin təməlində çoxşaxəli islahatların həyata keçirilməsi dayanır”.
G.Bayramov ölkəmizin dünya arenasındakı yeri, partiyamızın yarandığı şərait, dövlətimizin maraqlarının qorunması istiqamətində görülən işlər, bələdiyyə üzvlərinin, bələdiyyə üzvlüyünə namizədlərin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə daha geniş və ətraflı məlumat verib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri və bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək bildiriblər ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.
Çıxış edən seçicilər isə qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.