Seçki xəbərləri
YAP gücünü xalqın dəstəyindən alır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Ulu Öndər Heydər Əliyevin dəyərli mənəvi-siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasının xalqın böyük etimadına malik olduğunu qeyd edib. O, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin də xalqın YAP-ın inamının növbəti bariz nümunəsi olacağını əminliklə ifadə edib. “YAP gücünü xalqın dəstəyindən alır”, - deyə vurğulanıb.
Görüşdə çıxış edən yerli seçki qərargahının üzvü Məhi Mehtiyev, təşviqat qrupunun üzvü Mayıl Əliyev, Nizami bələdiyyəsi üzvlüyünə namizədlər Vüqar Quliyev, Heydər Rəhimov, Keşlə bələdiyyəsi üzvlüyünə namizədlər İradə Həsənova, Rəşad Babayev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində atılan addımlardan danışıblar.
Seçicilər isə çıxışlarında bələdiyyə seçkilərində YAP namizədlərini dəstəkləyəcəklərini vurğulayıblar.