Seçki-2024
Şəmkirlilər uğurlu siyasətin davamına səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun YAP Şəmkir rayon təşkilatının qərərgahında gənclərlə, o cümlədən idmançılarla və rayonun Qədimqala kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq: “Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan YAP xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, özünü təsdiqləmiş monolit partiyadır. Ümummilli Liderin təbirincə desək, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”.
Deputatlığa namizəd Nurlan Həsənov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib: “Bu gün Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Dövlət başçısı İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu sübut etməklə yanaşı, yeni reallıqların da müəllifidir”.
Nurlan Həsənov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Təşviqat qrupunun üzvü Zamir Güvəndiyev və görüş iştirakçıları bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir.
Seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.