Seçki-2024
Xalqın seçimi YAP-dır
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 30-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində məskunlaşmış laçınlı seçicilərlə görüşüb.
Görüşdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imicini qazanıb: “Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü göstərdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir”.
Deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunur. Bu “Böyük Qayıdış” vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında mühüm amil olacaq.
Görüşdə təşviqat qrupunun üzvləri Abuzər Abuzərov, Şəbinəm Əmirli, İsmayıl Abbasov və Marif Əsədov seçiciləri fəal olmağa, uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdən sonra deputatlığa namizəd Rövşən Muradov Ağcabədi rayonu Aran kəndi, Taxtakörpü ərazisində Qarakeçdi və Şeylanlı qəsəbələri, Ərdəşəvi, Fingə, Mişni, Alxaslı və Qarıqışlaq və digər yerlərdə yaşayan laçınlı seçicilərlə görüş keçirib.