Seçki-2024
Yevlaxlılar parlament seçkilərində yüksək fəallıq göstərəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun Yevlax şəhərində seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün qürur duyduğumuz ən mühüm reallıq dinamik inkişaf edən qüdrətli Azərbaycandır. Gücünü Ulu Öndər Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru inamla irəliləyir.
Deputatlığa namizəd İlham Məmmədov qeyd edib ki, YAP hər zaman ölkədə ictimai-siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynayıb. Namizəd əmin olaraq bildirib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək.
İ.Məmmədov seçiciləri parlament seçkilərində yüksək fəallıq nümayiş etdirməyə, layiqli namizədə səs verməyə çağırıb.
Görüş çərçivəsində çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr - parlament seçkilərində fəal iştirak edəcəklərini, həmçinin Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.