Seçki-2024
Zəruri addımlar atılır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun YAP Tərtər rayon təşkilatının qərargahında ağsaqqal və ziyalı seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünə və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb.
Çıxış edən deputatlığa namizəd Anar Məmmədov bildirib ki, seçkilərdə Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını təmsil etmək həm məsuliyyətli, həm də şərəflidir. O, Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb.
A.Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüş iştirakçıları YAP-ın siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırdığını vurğulayıblar. Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.