Seçki-2024
Mingəçevirlilər YAP-ın namizədini dəstəkləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadə YAP Mingəçevir şəhər qərargahında və şəhərin müxtəlif ünvanlarında yaşayan seçicilərlə məhəlli görüşlər keçirib.
Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev YAP-ın ötən müddət ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini deyib. O bildirib ki, bu gün Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, Vətənin mənafeyi naminə səy göstərir.
Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz nümunəsi onun milli maraqların ifadəçisi olmasıdır: “Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artır. Qazanılan nailiyyətlərin zirvə nöqtəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır”.
Aydın Mirzəzadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Təhmasib Hüseynov, Sevinc Həsənova, Şəlalə Mahmudova, Ülfət Qurbanov və digərləri çıxış ediblər. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.