Seçki-2024
Qarşımızda yeni perspektivlər açılır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelinin YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, qalib, bütövləşən, yeni Azərbaycanın gələcək tərəqqisinə, qüdrətli dövlətə çevrilməsinə, xalqımızın yüksək rifahının təmin edilməsinə böyük əminlik yaradır.
YAP-ın Azərbaycanın davamlı uğurlarına böyük töfhələr verdiyini vurğulayan Vüqar Hüseynov deputatlığa namizəd Mixail Zabelin haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Mixail Zabelin bildirib ki, növbədənkənar parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq. Qeyd edib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı böyük qürur hissi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən, yeni dövrə qədəm qoyaraq yeni hədəflərə nail olmaq üçün inamla addımlamasından qürurla danışır.
Deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola diqqəti yönəldərək seçiciləri parlament seçkilərində fəal olmağa, partiyanın namizədlərinə səs verməyə çağırıb.
Deputatlığa namizədin vəkili Firdovsi Cahangirov bildirib ki, Yeni Azərbaycan Partiyası bugünədək Azərbaycanın yüksəlişində müstəsna rol oynayıb, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək. O, seçiciləri parlament seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.