Seçki-2024
Daha güclü Azərbaycan naminə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın Abşeron rayon Mədəniyyət Mərkəzində seçicilər ilə görüşü keçirilib.
Görüş Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Yeni Azərbaycan Partiyasının 30 ildən artıq müddətdə keçdiyi şərəfli tarixə nəzər salıb. Qeyd olunub ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin imzası ilə ən yeni tarixini yazır. Ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatların mərkəzini Azərbaycan xalqının rifahı, müstəqil güclü ölkə və milli maraqlar təşkil edir. Yeni Azərbaycan Partiyasının hər zaman ölkəmizdə gedən proseslərin mərkəzində olduğu diqqətə çatdırılıb.
Deputatlığa namizəd Nigar Məmmədova çıxışında siyasi, iqtisadi, sosial və digər sahələrdə ölkəmizin keçdiyi böyük inkişaf yolundan, mühüm nailiyyətlərdən danışıb. Bildirilib ki, ölkə iqtisadiyyatının dinamik inkişafı, müxtəlif sahələrdə aparılan çevik islahatlar Azərbaycanın mövqeyini daha da gücləndirir: “Ərazi bütövlüyümüzü təmin etdikdən sonra ilk dəfə bütöv Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri güclü dövlət konsepsiyasının uğurla reallaşdığını göstərir. Bu proses cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır. İllər sonra işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış, həyatın canlanması, Doğma Qarabağımızdakı məktəblərdə zəng səsinin eşidilməsi, Qarabağ Universitetinin yaradılması hər bir Azərbaycan vətəndaşı üçün qürurverici səslənir”. Deputatlığa namizəd N.Məmmədova bu uğurların davamı və daha güclü Azərbaycan naminə seçiciləri seçki hüququndan fəal istifadə etməyə, YAP namizədlərini dəstəkləməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Teyyubə Hüseynova, şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfər yürüşündən sonra seçkilərin işğaldan azad olunmuş ərazilərdə keçirilməsinin qürurverici olduğunu vurğulayıblar. YAP-ın ideoloji prinsiplərinin və ənənələrinin vətəndaşların sarsılmaz etimadını qazandığı, bu dəfə də seçimlərinin YAP-ın namizədi olacağını qeyd olunub.
Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, N.Məmmədova həmin ərazidə yaşayan seçicilərlə fərdi görüşlər də keçirib.