Seçki-2024
Gələcəyə böyük inamla
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonunun Lənbəran və Hacallı kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyasının seçki platformasında davamlı və dayanıqlı iqtisadi inkişafı şərtləndirən amillər və bu istiqamətdə əsas hədəflər qeyd edilib. O, müstəqil Azərbaycanın dövlət başçısı İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəlilədiyini qeyd edib.
Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev Yeni Azərbaycan Partiyasının hər zaman tutduğu yola sadiq olduğunu, irəli sürdüyü təşəbbüslərlə Azərbaycan dövlətinin gücünün artmasına xidmət etdiyini ifadə edib. O, yeni hədəflərə nail olaraq Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını təmin etmək üçün seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.
Görüşlərdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Məhərrəm Şəfiyev, şəhid anası İsbət Hətəmova çıxış edərək seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıb.
Çıxış edən seçicilər Lənbəran kəndindən Çoban Babayev, Pərvin Quluzadə, Slavik Süleymanov, İlhamə Quluzadə, şəhid atası Xəsili kəndindən Tahirə Səlimova, Elçin Məmmədov, Bahar Xəlilova, Hafiz Camalov, Hacallı kəndindən Elbəyi Məmmədov, Vaqif Şərəfxanov, Cəmilə Əhmədova Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Xanlar Fətiyev YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri ilə birlikdə Bərdə rayonunun Lənbəran kəndində şəhid Kərimov Mübariz İsa oğlunun ailəsini ziyarət edib.