Seçki-2024
YAP qələbə qazanacaq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlı İmişli rayonunun Məmmədli, Əliyetməzli, Hacırüstəmli və Aranlı kəndlərində şəhid ailələri və digər seçicilərlə fərdi görüşlər keçirib.
Görüşlərdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, gələcək hədəf və perspektivlərdən, xalqın Yeni Azərbaycan Partiyasına yüksək inam və etimadından danışıb. Qeyd edib ki, qarşıdan gələn parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir.
Deputatlığa namizəd Səyyad Salahlı diqqətə çatdırıb ki, şəhidlərimizin ailələrinə və qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid və qazi ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.
Səyyad Salahlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Seçicilər sentyabrın 1-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.