Seçki-2024
Yeni zirvələrə birlikdə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun Salyan rayonu Qaraçala qəsəbə, Çadırlı, Pambıqkənd və Bəşirbəyli kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Qaraçala qəsəbəsində Şəhidlər Xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, qısa zamanda xalqı ətrafına toplayaraq iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib. Növbədənkənar parlament seçkilərinin Azərbaycanın demokratik inkişaf tarixində önəmli bir mərhələ olduğunu vurğulayan təşkilat sədri yeni formalaşacaq parlamentin qalib, bütövləşən Azərbaycanın parlaq gələcəyi naminə yeni dövrün hədəflərini inamla və uğurla reallaşdıracağını qeyd edib.
Çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının seçki platforması barədə məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Liderliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm uğurlardan bəhs edib. Vurğulayıb ki, cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edib və ərazi bütövlüyünü bərpa edərək milli gücünü artırıb. Sadiq Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Həmçinin, görüşdə Seyfəddin Rzasoy, Mirabtalıb Əsgərov, Məmməd Heydərov, Elvin Dadaşlı, Arzu Əliyeva və digərləri çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.
Qeyd edək ki, deputatlığa namizəd Sadiq Qurbanov rayonun Qaraçala qəsəbəsində, Çadırlı, Qarabağlı və Təzəkənd kəndlərində şəhid ailələrini ziyarət edib, Qaraçala qəsəbəsində, Çadırlı və Pambıqkənd kəndlərində fərdi görüşlər keçirib.