Seçki-2024
Həmrəyliyimizi növbəti dəfə səsimizlə təsdiqləyək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin seçkilərin təşviqat mərhələsinin sonuncu günündə Culfa rayonu, Yaycı kəndində və Ordubad şəhərində seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə deputatlığa namizəd Vüqar Rəhimzadə Azərbaycanın demokratik inkişafından, dövlətimizin siyasətində insan amilinə verilən önəmdən, hər bir yeni təcrübənin öyrənilməsində və tətbiqində maraqlı olmasından geniş bəhs edib. Deputatlığa namizəd seçkilərə hazırlıq prosesinin yüksək demokratiya şəraitində həyata keçirilməsindən məmnunluğunu ifadə edib: “Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət olduğunu, multikultural dəyərlərin inkişafına böyük töhfələr verdiyini atdığı hər addımda təsdiqləyən ölkədir. Hər bir seçki prosesi Azərbaycanın demokratik dəyərlərə necə sadiq olduğunu nümayiş etdirir. Belə demokratik şəraitdə seçicilərə əsas çağırış onların səsvermə prosesində fəal iştirak edib, Azərbaycanın yeni hədəflərə daha yüksək səviyyədə nail olması üçün layiqli namizədlərə səs vermələridir.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının seçki platformasında ötən dövrün uğurları və qarşıdakı mərhələnin hədəfləri qeyd edilib. Deputatlığa namizəd bu hədəflərin zamanında və yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Çıxış edən seçicilər Fərəc Fərəcov, Məhərrəm Məmmədov, Zülfiqar Səfərov, Murad Muradov, Zaur Nəzərov müasir, müstəqil, qalib Azərbaycanla qürur duyduqlarını, belə güclü, qüdrətli dövlətin vətəndaşı olduqları üçün fəxr etdiklərini bildiriblər.
Deputatlığa namizəd Vüqar Rəhimzadə həmin gün Yaycı kəndindən olan şəhidlər Rəşad Ramiz oğlu Hüseynlinin, Sahib Yaşar oğlu Məmmədovun və Ordubadda 20 Yanvar şəhidi Rahim Babayevin ailə üzvlərini, həmçinin Yaycı kənd seçicisi Abbas Rəcəbovu evlərində ziyarət edib.