Seçki-2024
Şəmkirlilərin seçimi YAP-ın namizədidir
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova Şəmkirdə seçicilərlə növbəti görüş keçirib.
Tədbiri açan Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın fəaliyyəti və seçkilərə hazırlıq prosesi barədə danışıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarovanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən YAP-ın namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin davamlı inkişafı üçün görülən işlər və əldə edilən nailiyyətlər barədə fikirlərini bölüşüb. Bildirilib ki, ölkəmizdə bütün sahələrin inkişafı Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətlərindəndir. Məhz bunun nəticəsidir ki, dövlət büdcəsindən təhsilə və səhiyyəyə, o cümlədən digər sahələrə ayrılan xərclər ildən-ilə artırılır.
Sahibə Qafarova çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil və səhiyyə sahələrində həyata keçirilən önəmli layihələrdən danışıb. O, bildirib ki, Azərbaycan sosial dövlətdir və digər sahələrdə olduğu kimi, sosial sferanı əhatə edən təhsil, səhiyyə və əhalinin rifahı daim diqqət mərkəzində saxlanılır.
Sahibə Qafarova vətəndaşların, o cümlədən şəmkirlilərin ictimai-siyasi proseslərdə fəal iştirak etdiklərini vurğulayaraq, inamını ifadə edib ki, qarşıdan gələn seçkilərdə də bu fəallığı müşahidə edəcəyik.
Görüşdə çıxış edən seçicilərdən Sevinc Əmrahova, Roza Orucova, Ruslan İbrahimov, Leyla Ocaqverdiyeva və digərləri ölkəmizdə bu sahələrdə həyata keçirilən dövlət siyasətini və görülən işləri dəstəklədiklərini vurğulayıblar, qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.