Seçki-2024
Tərəqqi yolunda
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurların əldə edildiyini deyib.
Deputatlığa namizəd Musa Quliyev Ümummili Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri olduğunu deyib. O qeyd edib ki, YAP uğurla fəaliyyət göstərir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlərə imza atır.
Tədbir iştirakçılarından Hüseyn Budaqov, Mətanət Nəbizadə və digərləri çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ümumxalq partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Gəncə seçiciləri səsvermə günü seçki məntəqələrinə gedərək öz səsvermə hüquqlarından istifadə edəcəklərini və yeni zəfərlərə səs verəcəklərini deyiblər.
Qeyd edək ki, deputatlığa namizəd Musa Quliyev həmin gün şəhid İmamverdi Hüseynovun anım mərasimində iştirak edib, şəhid Rahib Novruzovun və şəhid Cəfər Cəlilovun ailələrini ziyarət edib.