Seçki-2024
Binəqədi seçiciləri YAP-ın namizədini dəstəkləyirlər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Binəqədi rayonundakı müxtəlif ünvanlarda seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə deputatlığa namizəd Kamaləddin Qafarov bildirib ki, Prezident İlham Əliyevin müstəqil siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. Qeyd olunub ki, bu gün bütün dünya Azərbaycanın əldə etdiyi nailiyyətləri görür və bunu yüksək qiymətləndirir. Vurğulanıb ki, bütün bunlar YAP-ın parlament seçkilərində qələbəsini şərtləndirir.
K.Qafarov seçicilərin arzu və istəklərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. O, bütün seçicilərini qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.
Seçicilər Vətən müharibəsindən sonra ölkəmizin yeni dövrə qədəm qoyduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycan dövləti ölkəmizdə, xüsusən işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işlərinin öhdəsindən layiqincə gələcək.
Görüşlərdə seçicilərə YAP-ın seçki platforması haqda geniş məlumat verilib və maarifləndirici təşviqat materialları paylanılıb.