Seçki-2024
Dövlətçilik tariximizin qürurverici səhifəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz Mədəniyyət Mərkəzində Oğuz şəhərindən olan seçicilərlə görüşü keçirilib.
Tədbirdən öncə Ümimmilli Liderin abidəsi və Oğuz şəhər “Şəhidlər xiyabanı” ziyarət edilib. Görüşdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirilib ki, partiyamız yarandığı tarixdən ölkəmizdə keçirilən bütün seçkilərdə qalib kimi başa vurub. Seçkilərə hazırlıqla bağlı görülmüş işlər deməyə əsas verir ki, seçicilər 1 sentyabrda inkişafın davamına səs verəcəklər. O, deputatlığa namizəd Eyvaz Qurbanov haqqında seçicilərə məlumat verib. Seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb: “Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə yekun vuraraq yeni dövrə qədəm qoyur. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. 1 sentyabr seçkiləri vahid Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ilk parlament seçkisi kimi tarixə düşəcək, bu da müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir”.
Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Təranə Zəkəriyyəyeva, Fərman İbrahimov, Emin Cəfərov, Nazim Hüseynli çıxış edərək bidiriblər ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır. YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin iqtisadi inkişafı, əhalinin rifah halının yüksəlməsi, onun hərbi qüdrətinin daha da artması təşkil edir. Onlar bugünkü inkişafın davamı naminə seçiciləri 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Ehtibar Yusubov, Aynurə Səfərova və digərləri 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədi Eyvaz Qubanovu dəstəkləyəcəklərini bildiriblər.
Tədbir YAP-ın himninin səsləndirilməsi ilə başa çatıb.