Seçki-2024
YAP hər bir seçkiyə yüksək əhval-ruhiyyə ilə qatılır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin YAP Ucar rayon təşkilatının qərargahında ziyalı və ağsaqqal seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin və regionun ən güclü siyasi təşkilatıdır: “Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya xalqa və dövlətçiliyə layiqli xidmət edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində mühüm rol oynayır”.
Çıxış edən Ramil Həsən YAP-ın təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının mövqeyi cəmiyyətdə çox güclüdür və bunun da ciddi əsasları var: “Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan sürətlə inkişaf gedir, ictimai-siyasi sabitlik tam təmin olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini göstərməkdədir. Seçicilərlə görüşdə vətəndaşlar bu məqamı xüsusi qeyd edirlər”.
Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, şəhid atası Əli Vəliyev, Rəna Cəfərova və Nurməmməd Tağıyev bildiriblər ki, partiya yarandığı vaxtdan etibarən iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanıb. Rayon ziyalıları və ağsaqqalları 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, namizəd Ramil Həsən bir qrup Ucar şəhərinin seçicilərin müraciətlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.