Seçki-2024
Yeni zirvələrə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun YAP Astara rayon təşkilatının qərargahında gənc seçicilər, o cümlədən idmançılarla görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov seçkilərin ölkəmizin demokratik inkişafında rolunu qeyd edib. O, Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu vurğulayaraq, qarşıdan gələn seçkilərdə də YAP-ın qələbə qazanacağına inamını ifadə edib. Bildirib ki, bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi xalqımızın əmin-aman bir şəkildə və yüksək həyat şəraitində yaşadığı əsl sabitlik adasına çevrilib.
H.Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın beynəlxalq miqyasda daha da gücləndiyini vurğulayıb. Cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın məhz bu uğurlar fonunda parlament seçkilərinə getdiyini qeyd edib.
Deputatlığa namizəd Rəşad Mahmudov çıxışında bildirib ki, YAP-ın seçki platformasında müxtəlif sahələrin inkişafına dair hədəflər öz əksini tapıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın qüdrətinin daha da artmasına hədəflənib, hazırda ölkəmizin inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edən işlər ardıcıl olaraq həyata keçirilir.
Görüş iştirakçılarından Cahangir Əliyev, İlqar Orucov, Elnur Rüstəmov, Məhərrəm Ağayev və Tural Əfəndiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyindən, ölkəmizin davamlı inkişafına verdiyi töhfələrdən danışıblar. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.