YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanın parlaq gələcəyi naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzində ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Ulu Öndərin qurub-yaratdığı Azərbaycanda yaşamaq, fəaliyyət göstərmək, bu dövlətin vətəndaşı olmaq böyük fəxarətdir: “Biz təkcə inkişaf göstəricilərimizlə deyil, qalib gəlmiş xalqın nümayəndələri kimi hər zaman iftixar hissi duyacağıq. Biz dünyada öz sözünü demiş, öz vətənpərvərliyi, torpaq və millət sevgisi ilə bütün dünyaya örnək olan xalqın nümayəndələriyik. Bu inkişaf və tarixi zəfərlər isə Dahi Lider Heydər Əliyevin siyasi kursu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü idarəçilik qabiliyyətinin bariz nümunəsidir”.

Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə davam edən YAP-ın təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini inamla davam etdirəcəyini, qarşıda duran milli hədəfləri reallaşdıraraq Azərbaycanın inkişafına layiqli töhfələr verəcəyini ifadə edib.

Sevinc Hüseynova Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən və qarşıda duran hədəflərdən bəhs edib. Deputatlığa namizəd əlavə edib ki, YAP regionda həm gənclərin sayına, həm də cəmiyyətin aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir. 

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Təşviqat qrupunun üzvü Pərviz Bayramov seçiciləri fəal olmağa, yeni uğurlara imza atmaq üçün YAP-ın namizədinə səs verməyə çağırıb.

İlk dəfə səs verəcək seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Gədəbəy şəhəri, Zəhmətkənd, Slavyanka və Maarif kənd seçiciləri ilə fərdi görüşlər də keçirib.