Seçki-2024
Yüksək inkişaf və uğurlu gələcək naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunu şərtləndirən amillərə diqqəti yönəldib. Bildirib ki, “Yeni dövrə yeni Azərbaycanla” çağırışını edən YAP hər dövrün hədəflərinin uğurlu icrasına töhfələri ilə böyük rəğbət qazanır. YAP-a xalqın sevgisi və inamı sonsuzdur.
Vüqar Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyeva haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Pərvanə Vəliyeva Yeni Azərbaycan Partiyasının seçki platformasından geniş bəhs edərək bildirib ki, Azərbaycanın qarşısında yeni çağırışlar dayanır. Bütün sahələrdə görülən işlərin davamı, ən əsası Böyük Qayıdış Proqramının icrasının daha da sürətləndirilməsi prioritetlər sırasındandır: “Bu gün böyük qürur hissi ilə azad Qarabağın və Şərqi Zəngəzurun seçkilərə hazırlığından, soydaşlarımızın öz doğma yurd-yuvalarında səs verəcəklərinin sevincini yaşamasından bəhs edirik. Bütün bunlar Azərbaycan dövlətinin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir”.
Pərvanə Vəliyeva seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatı üzrə təşviqat qrupunun üzvləri - Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Mirfaiq Mirheydərli, Elnarə Zeynalova, namizədin vəkilləri Abbas Abbasov və Cəsarət Hüseynzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərindən biri kimi hazırda nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılmasından bəhs ediblər.
Çıxış edənlər seçiciləri 1 sentyabr-parlament seçkilərində yüksək fəallıq nümayiş etdirməyə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.