Seçki-2024
İnkişaf yolunda inamla
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux şəhər seçiciləri ilə görüşü keçirilib.
Deputatlığa namizəd Mübariz Qurbanlı əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini, sonra isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Samux şəhər şəhidlərinin məzarlarını ziyarət edərək gül dəstələri qoyub, ehtiramla yad edib.
Görüşü giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan uğurla inkişaf edərək mühüm nailiyyətlərə imza atır: “Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. İnsana qayğı və sosial ədalət prinsipi daim qorunur. Görülən işlər vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və sosial rifahının yaxşılaşmasında öz əksini tapıb”.
Çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınır: “Ölkədə mövcud olan həmrəylik, xalq-iqtidar birliyi milli təhlükəsizliyin əsaslarını daha da möhkəmləndirir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində və tolerant mühitdə yaşayırlar. Respublikamızda multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik adası kimi inkişaf yolunda inamlı irəliləyişini təmin edir”.
Mübariz Qurbanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə rayon ağsaqqallarından Xətahim Cəfərov, Xatay Vəliyev və digərləri yeni mərhələdə davamlı uğurlara nail olmaq üçün seçiciləri Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Mübariz Qurbanlı bir neçə məhəllə görüşləri də keçirib.