Seçki-2024
Tovuzlu seçicilər YAP-ın namizədlərini dəstəkləyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərov YAP Tovuz rayon təşkilatının qərargahında seçicilərlə görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov YAP-ın parlament seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə getdiyini, partiyanın məqsədyönlü fəaliyyətinin xalq tərəfindən həmişə dəstəkləndiyini, ölkəmizin uğurlu inkişafı üçün aparılan siyasətin alternativinin olmadığını bildirib.
Çıxış edən deputatlığa namizəd Nizami Səfərov seçicilərə partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, daim müstəqil Azərbaycanın qüdrətinin artırılması istiqamətində uğurlu fəaliyyət göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini və qələbələr qazandığını söyləyib. “İndi qarşımızda növbəti mühüm hədəflərin gerçəkləşdirilməsi məqsədi durur. Biz birlikdə bütün hədəflərə nail olacaq, yeni qələbələrə imza atacağıq!”, - deyə vurğulanıb.
Tədbirdə çıxış edən seçicilər də öz növbəsində yeni hədəflərə nail olmaq üçün YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd N.Səfərov rayonun qadın və ağsaqqal seçiciləri ilə də görüşlər keçirib, həmçinin Tovuz şəhəri və rayonun kəndlərində şəhid ailələrini ziyarət edib.