Seçki-2024
Xalq yenə YAP-ın namizədlərinə etimad göstərəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun Nizami rayonunda seçicilərlə sonuncu təşviqat görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov YAP-ın seçki kampaniyası barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının və dəstəyinin növbəti ifadəsi olacaq.
Çıxış edən deputatlığa namizəd, YAP Sədrinin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününün deyil, gələcək inkişaf perspektivlərinin zəmanətidir. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu günədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb.
Əli Əhmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Təşviqat qrupunun üzvlərindən Mərdan Şahıyev, Vüsalə Abbasova, Mircavid Hüseynov və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırış ediblər.
Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.
Qeyd edək ki, YAP Nizami rayon təşkilatının gənc fəalları və könüllüləri rayon parklarında və məhəllələrdə aksiya keçirib, partiyanın seçki proqramını, statistik infoqrafiya və namizədlər haqqında təşviqat materialları paylayıb, seçiciləri məlumatlandırıblar.