Seçki-2024
Seçicilər YAP-ın mövqeyini dəstəkləyirlər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə- Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Tərtər rayon Düyərli,Yuxarı Sarıcalı , Səhləbad və Əskipara kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, YAP cəmiyyətimizin bütün təbəqələrini özündə birləşdirir. Yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Çıxış edən deputatlığa namizəd Anar Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. Bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününün deyil, gələcək inkişaf perspektivlərinin zəmanətidir.
Tədbir iştirakçılarından Mehman Babayev, Bəhruz İsgəndərov, Gülüstan Paşayeva və digərləri çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımların Azərbaycanın qüdrətinin artmasını şərtləndirdiyini diqqətə çatdırıblar. Onlar seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.