Seçki-2024
Azərbaycan gəncliyi YAP-ı dəstəkləyir!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin Sumqayıt şəhər Uşaq İncəsənət Məktəbində gənc seçicilərlə görüşü keçirilib.
Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev gəncləri səsvermə haqqında maarifləndirib, hazırda gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını diqqətə çatdırıb. O, qarşıdan gələn parlament seçkilərində cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin iştirakının əhəmiyyətli olduğunu qeyd edərək hər bir kəsin seçki hüququndan istifadə edərək öz seçimini etməli olduğunu vurğulayıb.
Deputatlığa namizəd Tahir Mirkişili çıxış edərək parlament seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Çıxış edən təşviqat qrupunun üzvləri vurğulayıblar ki, seçki prosesində fəal iştirak, eyni zamanda, məntəqələrə gedib səs verməyi də özündə ehtiva edir. Qeyd olunub ki, ilk dəfə səs verəcək gənclərimiz isə daha fəal olmalıdırlar.
Görüşdə çıxış edən gənc seçicilər onlara xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər və 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.