Seçki-2024
“Məqsədimiz yeni hədəfləri fəth etməkdir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səbinə Xasayevanın YAP Qaradağ rayon təşkilatının qərargahında şəhidlərin ailə üzvləri, qazilər və ağsaqqal seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib: “Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. Bu gün bütün dünya Azərbaycanın əldə etdiyi nailiyyətləri görür və bunu yüksək qiymətləndirir. Bütün bunlar YAP-ın parlament seçkilərində qələbəsini şərtləndirir”.
Deputatlığa namizəd Səbinə Xasayeva qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən unudulmaz və qürurlu səhifələrindən biridir. Bu xoşbəxtliyi bizlərə yaşadan, 30 illik həsrətimizə son qoyan Prezident İlham Əliyevə və şanlı ordumuza hər zaman minnətdar olduğumuzu vurğulayan S.Xasayeva onların dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını bildirib.
Seçicilər Vətən müharibəsindən sonra ölkəmizin yeni dövrə qədəm qoyduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycan dövləti ölkəmizdə, xüsusən işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işlərinin öhdəsindən layiqincə gələcək.