Seçki-2024
Sumqayıt seçicilərinin seçimi YAP-ın namizədləridir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın YAP Sumqayıt şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Elnarə Akimovanın fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib. R.Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, gələcək hədəf və perspektivlərdən, xalqın Yeni Azərbaycan Partiyasına yüksək inam və etimadından danışıb. O qeyd edib ki, ölkəmizin bugünkü qüdrətini məhz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü müdrik siyasətə borcluyuq.
Görüşdə çıxış edən deputatlığa namizəd Elnarə Akimova mövcud Azərbaycan reallıqlarından, regionda, dünyada baş verən hadisələrdən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycanın sabitlik, təhlükəsizlik məkanına çevrilməsindən bəhs edib.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri çıxış edərək uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, deputatlığa namizəd Elnarə Akimova həmçinin 36-cı məhəllədə yaşayan seçicilərlə də görüşüb, seçiciləri aktiv şəkildə seçki prosesində iştirak etməyə və ölkənin gələcəyinə dair veriləcək qərarlara töhfə verməyə çağırıb.