Seçki xəbərləri
Parlaq gələcək üçün…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın YAP Suraxanı rayon təşkilatının inzibati binasında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının zamanın tələbi, xalqın istəyi ilə yarandığını deyib. Partiyanın bütün sınaqlardan şərəflə çıxdığı, ilk gündən xalqın partiyası kimi nüfuz qazandığı qeyd olunub.
Daha sonra çıxış edən namizəd Afət Həsənova Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu və misilsiz xidmətləri barədə danışıb. Namizəd Yeni Azərbaycan Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də xalqın dəstəyi və etimadı əsasında növbəti möhtəşəm qələbə qazanacağına əminliyini ifadə edib.
Təşviqat qrupunun üzvləri Ağalar Bayramov, Xəyalə Mahmudova və digərləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qələbə qazanmaqla yeni reallıqlar yaratdığını deyib, seçiciləri yeni qələbələr naminə parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Afət Həsənovanın həmin gün Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsi, Şərq yaşayış sahəsindəki ünvanlarda yaşayan seçicilər ilə səyyar görüşü də keçirilib.