Seçki xəbərləri
Zamana sığmayan strategiya
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun Yuxarı Nüvədi kənd seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə deputatlığa namizəd Anar İsgəndərov şəhidlərin məzarını ziyarət edib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. Vurğulanıb ki, həyata keçirilən islahatlar, zamanında atılan addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü bərpa edərək, yeni inkişaf mərhələsinə qədəm qoyub.
İ.Əmənullayev seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.
Deputatlığa namizəd Anar İsgəndərov YAP-ın seçki platforması haqqında məlumat verib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası bugünədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək 1 sentyabr - növbədənkənar parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb. “Partiyanın 32 ilə yaxın keçdiyi şərəfli yol cəmiyyətdə tutduğu mövqeyə işıq salır. Ümumxalq partiyasına çevrilən YAP sıralarında bütün kateqoriyadan olan insanları birləşdirib, öz monolitliyini qoruyur, hədəflərə çatmaq üçün bütün qüvvə və bacarığını səfərbər edir. Görülən işlər Azərbaycanın bu günü və gələcəyi üçündür”.
Təşviqat qrupunun üzvləri Yalçın Əliyev, Kamal Mahmudov Yeni Azərbaycan Partiyasının xalqımız qarşısında xidmətlərindən danışıblar. Onlar YAP-ın parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını bildiriblər.
Qeyd edək ki, həmin gün Anar İsgəndərov Lənkəran rayonu, Qurunba, Narbağı, Təngivan, Şovu və Rvo kəndlərində də seçicilərlə görüşüb.