Seçki-2024
Birliyimiz hədəflərə inamla addımlamağa stimul verir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov Heydər Əliyev yolunun uğurlarından geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan qurdu, Prezident İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi: “Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün amillərin bir-biri ilə sıx bağlılığının məntiqi nəticəsi oldu. Bu Qələbə bir daha göstərdi ki, birliyimiz, həmrəyliyimiz hədəflərə inamla addımlamağa stimul verir”.
Vüqar Hüseynov deputatlığa namizəd Pərvanə Vəliyeva haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Pərvanə Vəliyeva bildirib ki, bu gün Ulu Öndərin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan yeni dövrün hədəflərinə doğru inamla addımlayır: “Suverenliyimizin bərpası fonunda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək parlament seçkiləri Azərbaycanın qarşısında geniş imkanlar açacaq, demokratik inkişaf tariximizə növbəti uğur səhifəsini yazacaq. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımızın Böyük Qayıdışı uğurla davam edir. Bu prosesin də tam şəkildə başa çatacağı gün uzaqda deyil. Yeni Azərbaycan Partiyasının seçki platformasında bu hədəflər öz əksini tapıb”.
Pərvanə Vəliyeva seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatı üzrə Təşviqat Qrupunun üzvləri Mirfaiq Mirheydərli, Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov və qazi Xəyyam Fərzəliyev, Afət Qurbanov, namizədin vəkili Abbas Abbasov Azərbaycanın zirvələrə doğru böyük inamla addımlamasından, Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə artan nüfuzundan bəhs ediblər.
Çıxış edənlər seçiciləri 1 sentyabr-parlament seçkilərində yüksək fəallıq nümayiş etdirməyə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.