YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Abşeronlular YAP-ın namizədinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın YAP Abşeron rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və beynəlxalq nüfuzunun yüksəlməsi ilə səciyyələnən dövlət siyasətinin Azərbaycanda və bütövlükdə regionda açdığı yeni perspektivlərdən danışıb. Qeyd olunub ki, növbədənkənar parlament seçkilərində fəallığı ilə seçilən YAP-ın seçki platforması genişmiqyaslı islahatlar nəticəsində  bütün sahələrdə əldə olunmuş nailiyyətləri və qarşıya qoyulan hədəfləri əhatə edir. Partiyanın “Yeni dövrə yeni Azərbaycanla!” şüarının bu reallıqlardan qaynaqlandığı vurğulanıb.

Çıxış edən deputatlığa namizəd Nigar Məmmədova Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi sistemində aparıcı rolundan, təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlərdə seçici fəallığından söhbət açıb. Böyük Zəfərimizin qazanılmasından sonra seçki prosesinin bütün ərazilərimizdə, bütöv Azərbaycanda keçirilməsinin qürurverici olması, tarixi əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə həmçinin təşviqat qrupunun üzvü Teyyubə Hüseynova çıxış edərək, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin imza atdığı tarixi uğurlardan danışıb. Regionun ən güclü siyasi təşkilatı kimi partiya üzvlərinin bundan sonra da cəmiyyətin və  ölkəmizin rifahı naminə yeni hədəflərə doğru inamla addımlayacaqlarını qeyd ediblər.

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonra Nigar Məmmədova Vətən müharibəsi şəhidi Ziyəddin Rəşidovun evini ziyarət edib, doğum günündə onun ailə üzvlərinə baş çəkib.   Deputatlığa namizəd  bildirib ki, xalqımız və dövlətimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda fədakarlıq göstərmiş qəhrəmanlarımızın və şəhidlərimizin xidmətlərini hörmətlə anır. Qeyd olunub ki, həssas qruplardan olan şəxslərin, o cümlədən müharibə iştirakçılarına və şəhid ailələrinə hərtərəfli dövlət qayğısının davam etdirilməsi sosial siyasət sahəsində müəyyələşdirilən əsas hədəflərdəndir.

Görüşdə iştirak edən şəhid  Tural Məmmədovun  anası Könül Həsənova, şəhid Əli Ələkbərovun anası Rəna Ələkbərova, şəhid Afiq Qulamlının anası Kifayət Qulamova, şəhid Ayaz İmanzadənin həyat yoldaşı Gülşən İmanzadə ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.

Söhbət zamanı həmçinin, növbədənkənar parlament seçkilərində YAP-ın qələbəsinə inam ifadə olunub.