YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərlə yeni zirvələrə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Taleh Qurbanovun Sabunçu rayonu, Maştağa Mədəniyyət Mərkəzində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış məsələlərindən bəhs edib. Z.Cəfərov YAP-ın tutduğu yola, əqidəsinə sadiq təşkilat olduğunu arxada qalan illər ərzində əməli işi, ölkədə aparılan quruculuq işlərindəki fəaliyyəti ilə təsdiqlədiyini ifadə edib. O, deputatlığa namizəd Taleh Qurbanov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Taleh Qurbanov bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Qeyd edib ki, YAP-ın fəaliyyətinin əsas istiqamətini məhz dövlətin, cəmiyyətin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan son illərdə böyük nailiyyətlər qazanaraq, dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və nüfuzlu dövlət kimi tanınır”.

Taleh Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Öz növbəsində çıxış edən seçicilər sentyabrda keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.