Seçki-2024
Seçkilər xalqımızın YAP-a sonsuz inamının və etimadının ifadəsi olacaq
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadə seçicilərlə növbəti görüşlərini Ordubad rayonunun Dəstə və Culfa rayonunun Bənəniyar kəndlərində keçirib.
Görüşlərdə Vüqar Rəhimzadə qalib Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, zəfərlərə imza atmasında güclü lider və düşünülmüş siyasət amillərinin rolundan danışıb. Bildirib ki, Azərbaycan bu illər ərzində Ulu Öndər Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsinə nail olmaqla ardıcıl şəkildə hədəfdən hədəfə doğru irəlilədi. İşğal dövrünün əsas hədəfi torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmaları idi. Son dörd ilə yaxındır ki, bu məqsədi, amalı azad Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi əvəzləyir. Soydaşlarımız artıq mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün nəinki işğaldan azad edilmiş torpaqlarımız, bütün bölgələrimiz inkişaf, tərəqqi dövrünü yaşayır. Müasir tələblər səviyyəsində yeniləşən, təkmilləşən regionlarımız, kənd və qəsəbələrimiz uğurlu inkişafı ilə hər birimizi qürurlandırır. Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı yeni zəfərlərə aparır.
Deputatlığa namizəd Azərbaycanın zəfərlərinin davamlılığını təmin etmək, dövlətimizin yeni hədəflərə doğru inamla addımlaması üçün seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Dəstə kəndindən olan seçicilər - kənd ağsaqqalları Nemət Abbasov və Ramazan Məmmədov, həmçinin Zəfər Nağıyev, Mahmud Muxtarov, Qüdrət Yaqubov, Mehdi Mehdiyev, Bənəniyar kəndindən kənd ağsaqqalı Nəvai Nəcəfquliyev, Müştəba Məmmədov və Rafiq Nuriyev çıxışlarında Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndiriblər. Bildiriblər ki, bu seçkilər bir daha xalqımızın Yeni Azərbaycan Partiyasına sonsuz inamının və etimadının ifadəsi olacaq.