Seçki-2024
Azərbaycan inkişaf yolunda inamla irəliləyir
2024-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 90 saylı Ağsu seçki dairəsindən namizədiyi irəli sürülmüş Əli Hüseynovun YAP Ağsu rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, Yeni Azərbaycan Partiyası daim qanunun aliliyi, azadlıq bərabərlik prinsiplərini əsas götürərək ölkəmizin demokratik və hüquqi dövlət kimi inkişafına öz töhfələrini verib. Qeyd edib ki, budəfəki parlament seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsi qürur və iftixar mənbəyidir. “Şübhə yoxdur ki, xalqımız daha qüdrətli yeni Azərbaycan naminə YAP-a bir daha etimad göstərəcəkdir”, - deyə vurğulanıb.
Deputatlığa namizəd Əli Hüseynov seçicilərə YAP-ın seçki platforması haqında ətraflı məlumat verib, Yeni Azərbaycan Partiyasının böyük uğurlara imza atdığını və qarşıda duran hədəfləri gerçəkləşdirmək əzmində olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan tarixi Zəfərə imza ataraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qeyd edib ki, hazırda Böyük Qayıdış proqramının uğurla icra edilməsi və digər mühüm amillər ölkəmiz üçün yeni perspektivlər yaradıb.
Təşviqat qrupunun üzvləri Əmrulla Kərimov və digərləri seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində Yeni Azərbayan Partiyasının namizədi Əli Hüseynova səs verəcəklərini bildiriblər.