Seçki-2024
Hədəflər uğurla reallaşdırılır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Şəki rayonunun Oraban, Baş Kədək, Bideyiz, Baş Küngüt və Aşağı Kəldək kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirilib ki, bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəmir.
O, deputatlığa namizəd Eyvaz Qurbanovun haqqında seçicilərə məlumat verib. S.Məhərrəmov seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə çağırııb.
Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz nailiyyətlərə imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır: “Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır. Partiya bütün sınaqlardan şərəflə çıxıb, ilk gündən xalqın partiyası kimi nüfuz qazanıb”. Namizəd vurğulayıb ki, YAP yarandığı gündən daim Azərbaycanın daha güclü, qüdrətli olmasına, xalqımızın rifah şəraitinin yüksək olmasına çalışır.
E.Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə, həmçinin YAP Oğuz rayon təşkilatının təşviqat qrupunun üzvləri Fərman İbrahimov və İlkin Lətifov çıxış edərək bildiriblər ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayanır. YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması təşkil edir. Onlar bugünkü inkişafın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər Qorxmaz Balakişiyev, Nərbala İslamov və digərləri 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildiriblər.