Seçki-2024
Reallıqlardan irəli gələn hədəflər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun Beyləqan rayonu, Sevil Qazıyeva küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, artıq yeni inkişaf mərhələsinə, yeni hədəflərə doğru irəliləmək zamanıdır: “Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyur və hər birimiz ölkəmizin gələcəkdə daha güclü dövlətə çevrilməsi və nüfuzunun artması üçün çalışmalıyıq. Bunun üçün qarşıdan gələn parlament seçkilərində YAP-ın qələbə qazanması lazımdır və vacibdir”.
Çıxış edən deputatlığa namizəd Şahin İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi siyasətini inkişaf etdirərək Azərbaycanı dünyanın güclü ölkələri sırasına çıxarıb: “Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bu baxımdan əminəm ki, parlament seçkilərində seçicilərin mütləq əksəriyyəti YAP-ın namizədlərinə etimad göstərəcək”.
Seçicilər Şahin İsmayılovun altıncı çağırış Milli Məclisdəki fəaliyyətindən razı olduqlarını və növbəti seçkilərdə yenidən ona dəstək göstərəcəklərini deyiblər.
Qeyd edək ki, deputatlığa namizəd, həmçinin Beyləqan şəhərinin Rövşən Axundov, Munis Abbaslı, Mikayıl Müşfiq, Röyal Cəfərli küçələrində, rayonun Qəhrəmanlı qəsəbəsində və Əlinəzərli kəndində yaşayan seçicilərlə görüş keçirib.