Seçki-2024
Söz ilə əməl birliyi...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Məmmədovun Goranboy şəhəri, Yeni Yaşayış sahəsi adlanan ərazidə məskunlaşmış seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev parlament seçkilərinin beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun keçiriləcəyinə əminliyini xüsusi vurğulayıb. O, Xocalı da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin dirçəlişindən, bərpa və yenidən qurulmasından danışıb.
Çıxış edən deputatlığa namizəd Aqil Məmmədov YAP-ın seçki platforması haqqında məlumat verib. O, bildirib ki, sentyabrın 1-də keçiriləcək seçkilər xüsusi əhəmiyyəti ilə seçilir: “Çünki müstəqillik tariximizdə ilk dəfə olaraq parlament seçkiləri ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanda baş tutacaq. YAP milli maraqları daim üstün tutaraq ölkəmizin inkişafında müstəsna rol oynayıb”.
A.Məmmədov deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Görüş iştirakçıları seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.