Seçki-2024
İnam və etibar tükənməzdir!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rasim Novruzovun seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlərin yerinə yetirildiyini, torpaqlarımızın işğaldan azad olunduğunu, dövlət suverenliyinin tam bərpa edildiyini vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada söz və nüfuz sahibi, qalib və qüdrətli ölkə kimi tanınır.
O, deputatlığa namizəd Rasim Novruzov haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Rasim Novruzov YAP-ın seçki platforması barədə məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş müstəqil dövlətin təməl prinsipləri - qanunun aliliyi, azərbaycançılıq, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, sosial ədalət çoxşaxəli islahatların əsasını təşkil edib və ölkənin dinamik inkişafını şərtləndirib: “Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünyada nümunəvi inkişaf modeli ilə fərqlənən güclü dövlətə çevrilib. Yeni mərhələdə davam etdirilən islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradıb”.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvlərindən Günay Muradova, Bəhruz Aslanov, Allahyar Atakişiyev, seçicilərdən Məsim Niftalıyev və Pərvanə Məmmədova çıxış ediblər. Onlar ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəlmiş layihələrdən söhbət açaraq seçiciləri yeni uğurlar və qələbər naminə YAP-ı dəstəkləməyə çağırıblar.
Qeyd edək ki, daha sonra Rasim Novruzov məhəlli görüşlər keçirib.