Seçki-2024
Qubadlı seçiciləri YAP-ın namizədinə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovun Qubadlı seçicilərilə görüşü keçirilib.
İlk olaraq Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, deputatlığa namizəd İmamverdi İsmayılov haqqında seçicilərə məlumat verib.
YAP-ın rayon təşkilatının sədri seçicilərə seçkilərə gələrək aktiv iştirak etmələrini tövsiyə edərək ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd İmamverdi İsmayılov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb: “Əldə edilmiş naliyyətlərlə yanaşı qarşıda mühüm vəzifələr durur. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır”. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
İmamverdi İsmayılov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə seçicilər Nigar Ağazadə, Əlisalam Bayramov, Şahin Hüseynov, Vaqif İsmayılov və digərləri çıxış ediblər. Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.