Seçki-2024
Davamlı zəfərlər naminə
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində müstəsna rol oynayıb, bundan sonra da qarşıda duran milli hədəflərin reallaşmasına öz töhfələrini verəcək.
Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışıb. YAP-ın müstəqil Azərbaycanın dünəninə, bugününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğunu vurğulayıb.
S.Salahlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Öz növbəsində çıxış edən seçicilər də sentyabrın 1-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.