Seçki-2024
Böyük yola davam...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun Şəmkir rayonunun Ələsgərli kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan təşviqat qrupunun üzvü Famil Həmidov bildirib ki, parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq: “Ulu Öndər Heydər Əliyev ideyalarından güc alan YAP ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, özünü təsdiqləmiş monolit partiyadır. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”.
Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, ölkəmizin siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaranması Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır: “Bu gün Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Dövlət başçısı İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu sübut etməklə yanaşı yeni reallıqların da müəllifidir”.
Tədbirdə, həmçinin seçicilər bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir.
Qeyd edək ki, deputatlığa namizəd N.Həsənov Ələsgərli kəndində fərdi görüşlərdə də keçirib.