Seçki-2024
Xalqa xidmət missiyası…
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun Şərur rayonunun Yengicə, Muğanlı, Qorçulu, Şəhriyar, Cəlilkənd, Zeyvə, Düdəngə və Mahmudkənd kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev qeyd edib ki, YAP-ın uğurlu fəaliyyəti Azərbaycanda sabitlik, əmin-amanlıq, tərəqqi, dövlətimizin maraqlarının qətiyyətlə qorunması, ölkəmizin müasirləşməsi, yeniləşməsi baxımından böyük önəm daşıyır: “Bu gün həm Azərbaycan, həm də Yeni Azərbaycan Partiyası yaradılan möhkəm təməl üzərində uğurla inkişaf edir, zəfərdən-zəfərə inamla addımlayır. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası hər birimizdə böyük qürur hissi yaradan tarixi Zəfərimizin yaratdığı reallıqların qarşıya qoyduğu vəzifələri müvəffəqiyyətlə həyata keçirir, xalqa xidmət missiyası yerinə yetirir”.
Deputatlığa namizəd Ziyafət Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırıb: “Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə aparılır. Artıq Azərbaycan Ulu Öndərin görmək istədiyi güclü dövlətə çevrilib, regionda və dünyada söz sahibidir”.
Tədbir iştirakçılarından Gövhər İsmayılova, Əli Qasımov, Südabə Dadaşova və digərləri çıxış edərək yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP-ın bu seçkilərdə də xalqın dəstəyi ilə inamlı qalibiyyət əldə edəcəyini söyləyiblər.
Qeyd edək ki, deputatlığa namizəd Ziyafət Əsgərov şəhid baş leytenant Elçin İbrahimov, şəhid baş leytenant Əli Əliyev, şəhid Ruzi İbrahimov, şəhid gizir Əmrah İsmayılovun ailələrini ziyarət edib.