Seçki-2024
Demokratik seçkilərin növbəti nümunəsi
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin YAP Ağcabədi rayon təşkilatının qərargahında ağsaqqal və ziyalılarla görüşü keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizin milli maraqlarının qorunmasında mühüm rol oynayıb, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət nümayiş etdirir.
Deputatlığa namizəd Tahir Rzayev çıxış edərək YAP-ın seçki platforması barədə məlumat verib. O, çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana cox böyük uğurlar qazandırdığını real faktlarla seçicilərin diqqətinə çatdırıb. Namizəd növbəti dəfə deputat seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə məlumat verib.
Görüşdə rayon təşkilatının təşviqat qrupunun üzvləri Zəhra İbrahimova və Vaqif Qarayev çıxış edərək seçiciləri ölkəmizin tərəqqisi və dinamik inkişafına töhfə verə biləcək potensiala malik YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdə ağsaqqallardan Sabir Quliyev, Ədalət Hüseynov, ziyalılardan Səma Qarayeva, Əli Bədəlov, Solmaz Rəhimova çıxış edərək Milli Məclisə seçkilərdə ölkənin tərəqqisi və yeni hədəflərə çatmaq üçün YAP-ın namizədi Tahir Rzayevə səs verəcəklərini vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatıb.
Qeyd edək ki, T.Rzayev Ağcabədi rayonunda fərdi görüşlər də keçirib.
Deputatlığa namizəd bir neçə müharibə və əmək veteranları, ağsaqqallarla görüşüb. Onların təklif və müraciətləri dinlənilib, sualları cavablandırılıb.