Seçki-2024
Xalqın etimadını doğrultmaq başlıca məqsəddir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayon seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salıb, xalqa, Vətənə xidmət edən Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. O, qarşıdan gələn növbədənkənar parlament seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.
Təşkilat sədri seçiciləri sentyabrın 1-də fəal olmağa, ən layiqli namizədə səs verməyə çağırıb.
Daha sonra deputatlığa namizəd Əlibala Məhərrəmzadə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb. Bildirib ki, həyata keçirilən islahatlar nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Əlibala Məhərrəmzadə vurğulayıb ki, deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.
Görüş iştirakçılarından Siyavuş Kərimi, Sakit Məmmədov və digərləri parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər. Onlar deputatlığa namizəd Əlibala Məhərrəmzadənin fəaliyyətini yüksək qiymətləndiriblər.