Seçki-2024
YAP xalqın partiyasıdır
2024-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyeva YAP Culfa rayon təşkilatında ağsaqqallar, ziyalılar, müharibə veteranları və şəhid ailələrinin üzvləri ilə görüş keçirib.
Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov açaraq partiyamızın siyasəti və fəaliyyəti haqqında geniş məlumat verib və bildirib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılır.
Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib və qeyd edib ki, milli siyasi iradəni təmsil edən YAP şərəfli inkişaf yolu keçib. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız yarandığı dövrdən öz məqsədlərinə uyğun fəaliyyət göstərib.
Tədbirdə təşviqat qrupunun üzvləri Ədalət Əhmədov, Şükufə Bağırov, müharibə veteranı Qurban Qurbanov və digərləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər - şəhid valideyinləri Rizvan Məmmədov, Cavanşir Qasımov, Zeynal Dünyamalıyev və İkinci Vətən müharibəsi qazisi Məhəmməd Əhmədov Aysel Rəcəbova, Xanım Kazımova da 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.