Seçki-2024
Qələbəyə inamla
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 53 saylı Yevlax - Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynlinin Mingəçevir şəhərinin Əfqanıstan və Qarabağ müharibəsi əlilləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətdən və əldə olunan böyük nailiyyətlərdən danışıb. O bildirib ki, ölkədə həyata keçirilən düzgün və məqsədyönlü siyasət nəticəsində xalqımız firavan və xoşbəxt gələcəyə doğru inamla addımlayır.
Çıxış edən deputatlığa namizəd Əli Hüseynli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, bu dəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Namizəd çıxışında Azərbaycanın beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik olduğu və milli dövlətçilik maraqları çərçivəsində beynəlxalq arenaya uğurla inteqrasiya etdiyini xüsusi qeyd edib. Müstəqil xarici siyasət aparan dövlətimizin özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırdığı diqqətə çatdırılıb.
Tədbir iştirakçılarından Elşən İbrahimov və digərləri çıxış edərək yarandığı vaxtdan bütün seçkilərdə qələbələr qazanan YAP-ın bu seçkiləri də qalibiyyətlə başa vuracağını deyib, seçiciləri 1 sentyabr tarixində seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verməyə çağırıblar.