Seçki-2024
Daha güclü Azərbaycan naminə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin YAP Ucar rayon təşkilatının qərargahında gənclər ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu gün regionda ən güclü və nüfuzlu qüvvəyə çevrilib. Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafına, tərəqqisinə mühüm töhfələr verib. Sevindirici haldır ki, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunurlar.
Çıxış edən Ramil Həsən əvvəlcə seçkiyə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “Bizim müstəqil Azərbaycanın gələcəyi gənclərə məxsusdur, gənclərin əlində olmalıdır” sözləri bu gün tam təsdiqini tapıb. Partiyamız yarandığı ilk gündən etibarən daim sıralarında sağlam əqidəli, vətənpərvər, Azərbaycanın parlaq gələcəyi naminə bilik və bacarıqlarını əsirgəməyəcək gəncləri birləşdirib. R.Həsən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən və qarşıda duran hədəflərdən də bəhs edib. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yetişən qürurlu və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirərək döyüş meydanında tarix yazdı. Gənclər Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasında misilsiz rol oynadı”.
Tədbirdə təşviqat qrupunun üzvləri şəhid atası Əli Vəliyev, Mirzalı Ağamalıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayının durmadan artmasının gələcək inkişafımıza etibarlı təminat yaratdığını deyiblər.
Gənclər adından çıxış edən seçici Orxan Xəlilzadə dövlətin həyata keçirdiyi gənclər siyasətini yüksək qiymətləndirib, parlament seçkilərində bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd edib.
Sonda seçicilərin təklif və müraciətləri dinlənilib.